ÇÖRƏK – SƏADƏT
ÇÖRƏK – SƏADƏT
Dirək oldu göylərə ah-naləsi bu yerin....
Vətəndə iş axtarıb ağ gün gözləyənlərin,
Gözlərinə ağ düşüb.
Bir parçacıq çörək də Vətəndən qaçaq düşüb.
«Bəlkə...» – dedi,
əkiblər,
bitməyibdir,
«bəlkə»ni.
Anadolu kəndlisi gəzdi bütün ölkəni,
Xeyir axtardı,
gördü,
qismətinə şər düşüb.
Vətənin övladları özgə qapılarında
necə dərbədər düşüb.
Çörək ceyran belində,
Ceyranı hürkütdülər.
Qaçıb onun dalınca
orda, burda güddülər.
O, gözlərdən yayındı,
Onu vurub ötdülər.
Ələ çörək gəldisə, səadəti gəlmədi,
Anadolu kəndlisi, bircə şeyi bilmədi,
Hər xalqın,
hər millətin,
Vətinindən uzaqda tapılan «səadətin»
Adı səadət olur,
Özü fəlakət olur...
1972

